EN

Gənclərin həmrəyliyi: nədir, nə vəd edir?

Gənclik dövrünü insan həyatının xəzinəsi adlandırırlar. Gənclər hər dövrdə və hər coğrafiyada xalqların ən qiymətli sərvəti olub. Gəncliyin dəyəri həm də ona görə böyükdür ki, o, keçmişlə gələcək arasında körpünün yaradılmasına xidmət edir, ənənələr ilə yeniliklər arasındakı körpüdür, öz keçimişini gələcəyə daşıya biləcək ən mühüm vasitədir. Yenilikçi, ixtiraçı gənclik milli və mənəvi dəyərlərə görə tərbiyə aldıqdan sonra o gələcək möhkəm olmağa məhkum olacaq.

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən etibarən hər il aprelin 24-ü Beynəlxalq Gənclər Həmrəyliyi Günü kimi qeyd edilir. Bu günün təsis edilməsində məqsəd dövlət orqanlarının, cəmiyyətin və kütləvi informasiya vasitələrinin diqqətini gənclərin sosial , mənəvi, mədəni problemlərinə cəlb etmək, gənclərin hərtərəfli müdafiəsi, onların inkişaf və tərəqqisinə şərait yaratmaqdan ibarətdir.

Bu gün bütün dünyada gənclərin konqresləri, seminarları, maarifləndirici mühazirələri və konfransları keçirilir. Həmçinin gənclərin fləşmobları, yaradıcılıq sərgiləri və digər tədbirlər təşkil olunur, müxtəlif ölkələrdə yaşayan gənclər bir araya gətirilir. Ümumiyyətlə, bütün inkişaf etmiş ölkələrdə yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, gənclərin sosial-iqtisadi siyasətdə fəal iştirakının təmin edilməsi prosesi prioritet məsələdir. Respublikamızın ictimai-siyasi həyatı, gənclərin sosial-mənəvi tələbatlarının ödənilməsi, onların formalaşması və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaradılması üçün də bu mühüm məsələdir.

Etiraf edək, 90-cı illərin əvvəllərində, SSRİ-də yeganə gənclər təşkilatı olan komsomolun fəaliyyəti dayandırıldıqdan sonra gənclər mənəvi boşluğa, böhrana düşdülər. Çay evlərində gün keçirən, bekar gəzən gənclər ordusunun yaranma təhlükəsi hiss olundu. Amma müstəqilliyin ilk illərində ictimai-siyasi fəallıq gənclərdən də yan keçmədi, meydanlarda, mitinqlərdə çox sayda gənc görünürdü. Dövlətimiz gənclərin çiyinləri üstündə inşa olundu desək, yəqin ki yanılmarıq. Gənclərin prinsip, mənəvi dəyər, həyata baxış sistemi formalaşmağa başladı, yeni müstəqil gənclər təşkilatları yaradılmağa başladı. Bu da təbiidir, gənclik xalqın ümidi, onun inkişaf və tərəqqisinin əsas meyarı və barometridir, hər bir cəmiyyətin maddi və mənəvi tərəqqisi bilavasitə gənclər siyasətinin düzgün qurulmasından, təşkilindən və aparılmasından, sosial-mənəvi tərəqqidən asılıdır.

Dövlətin gələcəyini zəmanət altına almaları üçün gənclərin yaxşı təhsil almaları şərtdir. Bu günkü təhsil sistemi onlara innovativ bir gələcək vəd edirmi? Birmənalı olaraq deyə bilərik ki, yox. Əgər gənclərin gələcəyimiz olaraq formalaşmasını istəyiriksə onların potensialını üzə çıxaracaq təhsil sistemi yaradılmalı və tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrdə qəbul edilməyən təhsil proqramları ilə şagirdlər üzərində dəlləklik edən təhsil sistemimiz bunu onlara borcludur. Effektiv öyrənmə və imkanları özündə ehtiva edən dinamik özül yaradılmalıdır. Fərqlilik yaratmaq adı ilə naməlum təhsil proqramlarını tətbiq edib uşaqların beynini qarışdırmaq yerinə effektiv üsullar tapılmalıdır. Gənclərin yalnız təhsil yox, həm də təlabat olan peşələrə yiyələnmələri üçün stimul verilməlidir. Peşə təhsili almaq üçün onlarla söhbətlər aparılmalı, peşəkar xarrat, bənna, dəmirçi, pinəçi, qənnadçı, dərzi kimi işlərdə yaxşı əməkhaqqı vəd edilməlidir.

Gənclərin analitik və düşünmə qabiliyyətini inkişaf etdirməsi və uğur qazanması üçün onların qarşısındakı maneələri aradan qaldırmaq lazımdır. Ölkəmizdə nə qədər gənc dərsdən əlavə hər hansı beyin inkişafı vəd edən layihələrə, təlimlərə qoşula bilir? Bunun üçün maddi və mənəvi imkanı, şəraiti olurmu? Gələcək həyatına hazırlıq mərhələsində olan gənclər ahıl və qocalıq çağlarına hansı yatırımı edə bilirlər?

Gənclərin əksəriyyəti elmi, texnoloji inkişafları yaxından izləmək və bunu sosial və iqtisadi faydaya çevirmək qabiliyyətinə malik olur. Bu bacarıqlarını cəmiyyətimiz üçün faydaya çevirəcək qazanc əldə etmək üçün dövlət onlara maksimum imkan yaratmalıdır. Rifah səviyyəsini yüksəltmək, gələcək nəsillərə daha parlaq bir ölkə miras qoymaq istəyiriksə hamı əlini daşın altına qoymalıdır. Gənclərə oxumaları, sənət öyrənmələri, bildiklərini tətbiq etmələri üçün meydan yaratmalıyıq.

Gənclər adətən problemlərdən xəbərdar olur, maraqlanır və araşdırma aparır, yaradıcı olur və təxəyyülünü inkişaf etdirir, həll yolları fikirləşir. Onlar daha kreativdirlər, daha dinamikdirlər. Dayanmırlar, yorulmurlar, daim axtarışdadırlar. Təşəbbüskar, dəyişikliklərə və inkişafa açıq olan, eyni zamanda dəyərlərinə, milli kimliyinə sadiq olan gənclik yetişdirmək, bizim öz dövlətimizə və cəmiyyətimizə ən böyük xidmətimiz olar.

Ulu öndər Heydər Əliyev gənc nəslin əxlaqi tərbiyəsi məsələlərinə xüsusi diqqət yetirir, gənclərə ümumbəşəri dəyərləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini dərindən və hərtərəfli öyrənməyi və mənimsəməyi tövsiyə edirdi. O deyirdi ki, gənclər milli dəyərləri, milli adət-ənənələri, dili, dini və tarixini bilməyən və mənimsəməyənlər vətənpərvər ola bilməzlər. O deyirdi: "Vətənpərvərlik təkcə hərbi xidmət deyil, Vətənə sadiq olmaq, doğma torpağı sevmək, onu müdafiə etməyi bacarmaq deməkdir. Vətənpərvərlik budur"

Azərbaycanda ali hərbi məktəblərin açılması isə milli hərbçi kadrların hazırlanmasında çox böyük bir iş idi. Bu məktəblərdən böyük generallar, hərbi mütəxəssislər yetişdi və onlar 1-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun özəyini təşkil etdilər. Heydər Əliyevin Sovet dövründə yeni mərhələyə qədəm qoyan ölkəsi, doğma xalqı qarşısında ən böyük və misilsiz xidməti o idi ki, Azərbaycan 1991-ci ilin sonunda İttifaqdan ayrılıb müstəqilliyini elan etdiyi vaxt respublikamız əvvəlcədən hazırlanan həmin kadrların sayəsində artıq müstəqil bir dövlət kimi yaşamağa tam hazır idi.

Həm I, həm də II Qarabağ Müharibəsi zamanı dünyanın hər tərəfindən Azərbaycan həmrəyliyinin sədası eşidildi. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar orduya dəstək məqsədi ilə yardım topladılar, illərdir xaricdə yaşayan gənclər cəbhəyə getmək üçün vətənə döndü, onlar dar gündə dövlətinin, ordusunun yanında olduqlarını, həmrəy olduqlarını hiss etdirdilər. Xüsusilə II Qarabağ Müharibəsi günlərində cəbhəyə yardım uğrunda bir-biri ilə yarışdı gənclər, magistral yolların kənarında gecələdilər, orduya yardım göndərə bilmək üçün bütün mümkün vasitələrə əl atdılar. Bu həmrəylik cəbhədə əsgərlərə ruh verdi, güc verdi, stimul verdi.

Dünyada sülhün bərqərar olması, bütün dünya xalqlarının dinc yaşaması üçün gənclərin həmrəyliyi lazımdır. Bütün dünya gəncləri birləşib həmrəylik göstərərsə, hər ölkədə sülh üçün təbliğat aparılsa, dinc yaşamaq üçün cəhdlər göstərilsə, bəlkə bir gün dünya yaşanılacaq yerə çevrilər.

Lalə Mehralı

Chosen
176
50
sia.az

10Sources