EN

Ərdoğanın Bağdad səfəri: Türkiyə və İraq münasibətlərində yeni üfüqlər (ŞƏRH)

"Ərdoğanın Bağdad səfəri İraq və Türkiyə münasibətlərində yeni səhifə açacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa səfərini şərh edərkən deyib.

Kənan Rövşənoğlu bildirib ki, Ərdoğanın 12 ildən sonra İraqa səfəri ilk növbədə iki ölkə münasibətlərində ciddi bir yaxınlaşmanın əlamətidir:

"Bu səfərə bir neçə aydır hazırlıq görülürdü. Hər iki ölkənin müvafiq hökumət rəsmiləri qarışıqlı səfərlər edir, birgə saziş və protokollar tərtib  edirdi. İraq səfərində 20-dən çox sənəd imzalansa da, üç əsas istiqamət prioritet idi. İki ölkə arasında ticarət dövriyyəsinin 20 milyard dollara çatdırılması, antiterror fəaliyyətinin koordinasiyası və nəhayət, İnkişaf Yolu layihəsinin rəsmiləşdirilməsi" kimi sənədlərə imza atıldı".



Ekspertin fikrincə, ilk iki element üçüncünün içində itir. Çünki hazırda əsas məsələ məhz yeni nəqliyyat dəhlizinin inşasıdır:

"İraqın Bəsrə şəhərindəki Fav limanından başlayan bu nəqliyyat dəhlizi avtomobil və dəmir yolu xəttilə Türkiyəyə, oradan da quru və dəniz yolu ilə Avropaya çıxışı təmin edəcək. Dünən Bağdadda imzalanma mərasimində Qətər və BƏƏ nazirləri də iştirak edirdi. Bu da onu göstərir ki, körfəz ölkələri bu layihəyə perspektivli layihə kimi yanaşır və orda iştirak etməyə hazırdır. Söhbət həm də Hind okeanını Avropaya bağlayacaq ən qısa marşrutdan gedir". 

Həmsöhbətimiz deyib ki, bu layihənin icrası qarşısında ən ciddi maneə və ya təhlükə PKK terrorudur:

"Çünki PKK İraqda məhz İnkişaf Yolu üzərində yerləşir. Ona görə də layihə üçün təhlükə yarada bilər. Bu layihənin həm də ciddi rəqibləri olacaq. Bağdad indi PKK-nı qadağan edilmiş təşkilatlar siyahısına daxil edib, ona qarşı Türkiyə ilə birgə mübarizəni koordinasiya etməkdə maraqlıdır". 

Ekspertə görə, bu layihə həm region ölkələrini yaxınlaşdıra, həm də terror təşkilatını ortadan qaldırmağa xidmət edə bilər. 

Qeyd edək ki, Ərdoğan Bağdadda İraq prezidenti Əbdül Lətif Rəşid ilə görüşüb. Məlumata görə, tərəflər İnkişaf Yolu nəqliyyat layihəsinə dair müqavilə imzalayıblar. Sənədin mahiyyəti və hansı sahələri əhatə etdiyi hələ ki, açıqlanmayıb.
 
Rüfət Sultan

Chosen
179
12
qaynarinfo.az

10Sources