EN

Parlamentari: Azərbaycan və Belarus münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə görüşüb. XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Sergey Aleynik arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, ticarət, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat, turizm, əczaçılıq, yüksək texnologiyalar, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin formalaşmasını məmnunluqla qeyd ediblər. Xüsusilə, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində yaxın günlərdə növbəti iclasının keçiriləcəyi iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, Belarus Prezidentinin ölkəmizə planlaşdırılan dövlət səfərinə hazırlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

Milli Məclisin deputatı Naqif Həmzəyev "Sherg.az"a bildirib ki, Azərbaycan və Belarus münasibətləri yüksələn xətt üzrə inkişaf edir:
"Azərbaycanın torpaqları işğal altında olanda belə Belarus prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. O, bir çox beynəlxalq platformada Ermənistana Azərbaycanın torpaqlarını geri qaytarmağı, münaqişənin sülh yolu ilə həllinin vacibliyini dəfələrlə dilə gətirib. Bu səbəbdən rəsmi Bakı Minskə hər zaman öz dəstəyini bildirib. Hazırda iki dövlət arasındakı münasibətlər günü-gündən inkişaf edir. Bu inkişafa dövlət rəhbərlərinin yaxın münasibətlərinin də təsiri var. Bu gün Azərbaycan Belarus arasında iqtisadi əlaqələr artmaqdadır. Xüsusilə də bu özünü kənd təsərrüfatı məhsulları və enerji resursları sahəsində göstərir. Qarşılıqlı ticari əlaqələr nəticə etibarı ilə bütün sahələrdə münasibətlərin yaxşılaşmasına və inkişaf etməsinə zəmin yaradır".

Parlamentari əlavə edib ki, XİN rəhbərlərinin görüşü tərəflər arasındakı əlaqələrə müsbət təsir göstərəcək:
"Düşünürəm ki, görüşdə iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və s. sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin görüşdə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə əməkdaşlıq imkanları barədə ətraflı söhbətlər aparılıb. Biz inanırıq ki, yaxın gələcəkdə Azərbaycan və Belarus münasibətləri daha da inkişaf edəcək".
Chosen
238
50
sherg.az

10Sources