Bayden olduqca zəif performans göstərib, Tramp isə yalanları ilə seçilib
Ötən gün ABŞ-də hazırkı prezident Co Bayden və Ağ Evin keçmiş rəhbəri Donald Tramp arasında noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi ilk teledebat keçirilib. Namizədlər CNN-in studiyasında çıxış ediblər.
Ulusal.az xəbər verir ki, xarici KİV-in yazdığına görə, “televiziya dueli” ABŞ iqtisadiyyatındakı vəziyyətin müzakirəsi ilə başlayıb.
Tramp və Bayden inflyasiya, iş yerləri və vergi siyasəti ilə bağlı fikir mübadiləsi aparıblar. Bayden onun prezidentliyinin iqtisadi uğurları hesab etdiyi amilləri sadalayıb və əlavə edib ki, “hələ görüləsi çox iş var”.
Tramp isə inflyasiyanın ABŞ-ni “öldürdüyünü” deyib.
İmmiqrasiya və abort qadağası ilə bağlı fikir mübadiləsindən sonra rəqiblər xarici siyasət gündəminə keçiblər.
Moderator Dana Baş debat iştirakçılarından Vladimir Putinin irəli sürdüyü atəşkəs şərtlərini məqbul hesab edib-etmədiklərini soruşub.
Tramp Baydeni Ukraynadakı müharibədə günahlandıraraq deyib ki, onun liderlik keyfiyyətləri yoxdur və “ABŞ-nin lideri olsaydı”, genişmiqyaslı işğal heç vaxt baş verməzdi.
“Bu, heç vaxt başlamamalı olan müharibədir”, – deyən eks-prezident Baydenin dövründə Kiyevə “200 milyard dollar və hətta daha çox” pul ayrıldığını iddia edib. Tramp deyib ki, “bu, çox böyük pullardır”.
Tramp yenə təkrar edib ki, seçkilərdə qalib gəlsə, münaqişəni hələ Ağ Evə qədəm qoymamış həll edəcək. Lakin bunu necə etmək niyyətində olduğunu açıqlamayıb.
Onun çıxışındakı ən vacib məqamlardan biri isə o olub ki, birmənalı olaraq, Putinin “sülh təklifi” ilə qətiyyən razı deyil.
Xatırladaq ki, Putin Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin ərazilərini tam tərk etməsini, NATO-ya üzvlükdən imtina etməsini və Rusiyanın üzərindən beynəlxalq sanksiyaların götürülməsini istəmişdi.
Tramp bu şərtləri qəbuledilməz adlandırıb, lakin münaqişənin başlamasında yenə Baydeni günahlandırıb: “O, bunu dayandırmaq üçün heç nə etməyib. Və əslində, məncə, o, Rusiyanı müharibəyə getməyə təşviq edib… O, Əfqanıstana belə pislik etdi, bu, ölkənin tarixində dəhşətli və biabırçı bir an oldu”.
Tramp bildirib ki, Co Bayden ABŞ-ni çətin vəziyyətə salıb, çünki Ukrayna Rusiya ilə müharibədə qalib gəlmir: “Onların insanları tükənir. Onların əsgərləri tükənir. O qədər insan itiriblər. Çox kədərlidir. İnsanları itirdilər, min il yaşı olan qızıl günbəzli möhtəşəm şəhərləri itirdilər, hamısı da onun(Baydenin-red.) və onun axmaq qərarlarının ucbatından”.
Tramp iddia edib ki, KXDR, Çin və Rusiya liderləri Amerikanın hazırkı prezidentinə hörmət etmir və ondan qorxmurlar: “O, bizi III Dünya Müharibəsinə sürükləyəcək. Biz buna hər kəsin təsəvvür edə biləcəyindən daha yaxınıq. Biz Üçüncü Dünya Müharibəsinə çox, çox yaxınıq”.
Bayden isə öz növbəsində Vladimir Putini “hərbi cani” adlandırıb: “Fakt budur ki, Putin hərbi cinayətkardır. O, minlərlə insanı öldürdü. O, Sovet imperiyasının bir hissəsi olanı bərpa etmək istəyir, nəinki bir hissəsini, bütün Ukraynanı istəyir. Onun istədiyi budur. Sizcə, o, Ukraynanı ələ keçirsə, dayanacaqmı? Sizcə, Polşaya nə olacaq? Belarusun taleyi necə olacaq, sizcə NATO ölkələrinin taleyi necə olacaq?”.
Bayden deyib ki, Rusiyanın Kiyevi almasına icazə verilsə, Üçüncü Dünya Müharibəsi baş verəcək: “Əgər Üçüncü Dünya Müharibəsi istəyirsənizsə, qoyun o (Tramp) qalib gəlsin və Putinə desin: “NATO ilə istədiyinizi edin…”Yenə də siz müharibə istəyirsinizsə, sadəcə olaraq Putin Kiyevi alsın və görün Polşa, Macarıstan və sərhəddəki digər yerlərdə nə olacaq”.
Ümumilikdə ilk debatdan sonrakı rəylər bu “deyişmənin” hər iki tərəfin tərəfdarlarının ümidlərini doğrultmadığını göstərir. Eyni zamanda, ilk debatın Trampın xeyrinə başa çatdığını iddia edənlər kifayət qədər çoxdur. Teledebatı təşkil edən CNN Demokratlar Partiyasında Baydendən olduqca narazı qaldıqlarını iddia edib. Partiyanın bəzi nümayəndələri kanala bildiriblər ki, Co Baydenin Donald Trampla debatdakı çıxışı o qədər tutarsız olub ki, bu, onun Demokratların namizədi kimi dəyişdirilməsinin zəruriliyini gündəliyə gətirir. CNN-in partiyadakı iki həmsöhbəti prezidentin vəziyyətini “dəhşətli” adlandırıb.
Baydenin seçki kampaniyasının donorlarından biri isə “Politico”-ya deyib ki, bu debatdan sonra Baydenin prezidentlik yarışında qalması məqsədəuyğun deyil: “Bayden yarışı tərk etməlidir”. O, bunu “tarixdəki ən pis performans” adlandırıb və qeyd edib ki, prezidentin zəifliyi çox qabarıq şəkildə göründüyündən heç kim Trampın yalanlarına fikir verməyib. Tramp isə bu debatda doğrudan da xeyli yalanlar danışıb.
“Associated Press” və “Amerikanın Səsi” qeyd edir ki, həm Bayden, həm də Tramp debat zamanı çoxsaylı səhvlərə yol veriblər. Bayden 15.000 iş yeri (əslində 15 milyondan çox) yaratdığını bildirib. O, milli borcla bağlı suala cavab verərkən isə fikir ardıcıllığını itirib. Baydenin daha bir neçə səhvlərə yol verdiyi, lakin bunların o qədər də əhəmiyyətli olmadığı qeyd edilir.
Tramp isə yalanları ilə seçilib. O, Amerika iqtisadiyyatının hələ pandemiyadan əvvəl öz dövlət borcunu ödəməyə hazır olduğunu söyləyib. Lakin bu, doğru deyil. Bundan əlavə, Tramp ABŞ-yə həbsxanalardan və ruhi xəstəxanalardan çıxan guya “milyonlarla” immiqrantın buraxılması ilə bağlı əsassız iddia irəli sürüb ki, bu da daha bir yalandır.
“Reuters” ilk debat haqqında yazıb: “Bir-birlərinə nifrət etdiklərini gizlətməyən iki adam…” Agentlik onların hər ikisinin tez-tez və açıq əkildə şişirtmə ifadələr işlətdiyini qeyd edib. Həmçinin, əlavə edib ki, ən çox yayılmış narahatlıq Baydenin fikrini ardıcıl şəkildə tamamlaya bilməməsidir.
İlkin sorğular göstərir ki, Co Baydenlə Donald Tramp arasında keçirilən debatı izləyənlərin 67%-i qələbəni Trampa verib. Respondentlərin 57%-i Baydenin ölkəyə rəhbərlik etmək qabiliyyətinə inanmadıqlarını deyiblər. Trampda bu göstərici 44% olub.
Trampın ölkəni idarə edə biləcəyini düşünənlər 36 faiz təşkil edib. Debatdan əvvəl keçirilən sorğuya görə, tamaşaçıların 55%-i Trampa, 45%-i Baydenə səs verib. Belə görünür ki, debatdan sonra bu göstərici Baydenin ziyanına daha çox dəyişib.
İkinci teledebat təxminən iki ay yarım sonra, sentyabrın 10-da “ABC” telekanalında baş tutacaq. Həmin vaxta qədər isə çox hadisələr baş verə, çox şərtlər dəyişə bilər…“AzPolitika.info”