Bolqar futbolunun əfsanəsi, “Barselona”nın keçmiş hücumçusu Xristo Stoiçkov “blauqrana”nın yeniyetmə vingeri Lamin Yamal haqda danışıb.
Arena.az “Sports.es” dərgisinə istinadən, Stoiçkovun ispaniyalı yeniyetmə istedad haqda fikirlərini təqdim edir:
“O, hələ uşaqdır, biz onu qorumalıyıq, yüksəyə qaldırmamalıyıq ki, sonradan çox asanlıqla yıxılsın. Mən onun müdafiəsinə tərəfdaram, tərəqqisi üçün ona nə qədər vaxt gərəkdirsə, biz ona o qədər də vaxt verməliyik”, deyə Xristo Stoiçkov vurğulayıb.
Xatırladaq ki, İspaniya yığmasının vingeri Lamin Yamal 17 yaş 1 günlüyündə Avropa çempionatını qazanmış ən gənc oyunçu olaraq, adını futbol salnaməsinə yazıb.
Yamal yarışı yüksək səviyyədə keçirərək, 4 məhsuldar ötürmə ilə fərqlənib, həmçinin 1 qol vurub. Qollar və məhsuldar ötürmələrin cəmi üzrə Yamal 5 bal (1+4) toplayıb və komanda yoldaşı Daniel Olmo ilə birlikdə Avropa çempionatının ən səmərəli oyunçusu olub.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Məlum olduğu kimi, Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.