Azərbaycan milli Olimpiya komandası Paris Yay Olimpiya Oyunlarında böyük qələbə qazanıb. Cüdoçumuz, dünya çempionu, Avropa çempionatının 4 qat qalibi cüdoçu Hidayət Heydərov bütün rəqiblərini məğlub edərək Olimpiya çempionu tituluna layiq görülüb. Olimpiya Oyunlarında 8 illik fasilədən sonra komandamız qızıl medala sevinib. Bu, həm də müstəqil Azərbaycanın olimpiadalar tarixində qazandığı 50-ci – yubiley medalı olub. Komandamız iştirak etdiyi 7 olimpiadada indiyədək 7 qızıl, 14 gümüş və 28 bürünc mükafat olmaqla, ümumilikdə 49 medal qazanıb.
Hidayət Heydərov müsahibələrində məhz Olimpiya çempionluğunu hədəflədiyini bildirmişdi. Yarışda ancaq qələbəyə köklənən 73 kiloqram çəki dərəcəsində dünya reytinqinin lideri 1/8 finalda Tohar Bitbula (İsrail) ipponla qalib gələrək növbəti raunda vəsiqə qazanıb. Dörddəbir finalda Artur Marqelidon (Kanada) ilə gərgin keçən qarşılaşmada da həmyerlimiz rəqibini ipponla məğlub edib. Hidayət yarımfinal döyüşündə Akil Qyakov (Kosovo) üzərində inamla qələbə qazanaraq finala vəsiqə qazanıb. Çempionluq uğrunda yerli idmançı Joan-Benjamin Qaba üzərində parlaq qələbə qazanan idmançımız qızıl medala sahib olub.
Olimpiya çempionumuz Elnur Məmmədli Avropa Cüdo İttifaqının mətbuat xidmətinə müsahibəsində Azərbaycanda uzun illər cüdoda Olimpiya çempionunun olmadığını, 1992-ci ildə Nazim Hüseynovun titulu qazanaraq ölkəyə ilk “qızıl”ı gətirdiyini deyib. 16 il sonra N.Hüseynovun uğurunu təkrarladığını bildirən Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Pekin Olimpiadasından düz 16 keçdiyini bildirmişdi. H.Heydərov ümidləri doğruldaraq eyni çəki dərəcəsində bu böyük uğuru təkrar etməyə nail oldub.
Olimpiadalarda cüdoçularımız indiyədək 1-i qızıl, 2-si gümüş, 2-si bürünc mükafat olmaqla 5 medal qazanıblar. Müstəqil Azərbaycanda Olimpiya Oyunlarında ilk qızıl mükafatı da bu idman növü üzrə qazanmışıq. Təmsilçimiz Nazim Hüseynov “Barselona-1992”də bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Amma onu qeyd edək ki, idmançımız o zaman MDB adından yarışırdı.
Əvvəlki olimpiadalarda da statistikaya nəzər salsaq, ən erkən Olimpiya mükafatlarına cüdoçularımızın sahib olduğunu görərik. “Pekin-2008”in açılışdan sonrakı 3-cü günündə Elnur Məmmədli rəqiblərini bir-birinin ardınca məğlub edərək çempion olub. “Olimpiada-2016”da isə Rüstəm Orucov komandamıza ilk medalı (gümüş) qazandırıb. Bəs digər olimpiadalarda millimizin ilk medallarını kim qazanıb? Müstəqillik tariximizdə Azərbaycan bayrağı altında ilk Olimpiya medalını “Olimpiada-1996”da Namiq Abdullayev əldə edib. Adlı-sanlı pəhləvanımız mükafatı açılış mərasimindən 13 gün sonra əldə edib. Digər olimpiadalarda ilk yarış həftəsinin sonlarına qədər medalı intizarla gözləmişik. Azərbaycana ilk qızıl medal qazandıran Zemfira Meftaxetdinova “Sidney-2000”in açılışının 6-cı günündə qızıl, güllə atıcılığı üzrə İradə Aşumova “Afina-2004”ün –5-ci günündə bürünc medal qazanıblar. “Tokio-2020”də isə İrina Kindzerska 7-ci yarış günündə komandamızın aktivinə ilk medalı (bürünc) yazdırıb.
Azərbaycan boks yığmasının üzvü Alfonso Dominqes də Olimpiadaya uğurla start verib. O səkkizdəbir finalda son 2 olimpiadanın qalibi Xulio Sezar la Krusu məğlub edib. İdmançı mətbuata açıqlamasında kubalı ilə döyüşün çox çətin keçdiyini bildirib:
–Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də minnətdaram. Yaxşı hazırlıq keçmişəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə təşəkkür edirəm. Mənim günüm idi, qələbə qazanmağı bacardım. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır.
Qeyd edək ki, rinq ustasının olimpiadada ilk qələbəsi ad gününə təsadüf edib. Paris-2024 Olimpiya Kəndində alqışlarla qarşılanan idmançımız, həm də ad gününü qeyd edib. İdmançımız avqustun 1-də dörddəbir finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək.
Dünən Azərbaycanın daha 2 boksçusu rinqə çıxıb. Əvvəlcə ölkəmizin Olimpiya Oyunlarındakı kişi bayraqdarı Məhəmməd Abdullayev (+92 kiloqram) döyüşüb. Təəssüf ki, idmançımız almaniyalı Nelvi Raman Tiafaka məğlub olub. Axşam seansında isə Malik Həsənov (63,5 kiloqram) 1/8 finalda gürcüstanlı Laşa Quruli ilə mübarizə aparıb.
Dünən mübarizə aparan badmintonçumuz Keişa Fatimə Zəhra qadınların fərdi yarışında 2-ci sınağında N qrupunda Böyük Britaniya təmsilçisi Kirsti Gilmura uduzub. Zəhra ilk matçında H qrupunda He Bin Çzyaoya (Çin) da məğlub olduğu üçün olimpiadada çıxışını yekunlaşdırıb. Qeyd edək ki, yalnız qrup qalibləri 1/8 finala adlayır.
Azərbaycan qılıncoynadanı Anna Baştanın da Oyunlarda çıxışı başa çatıb. Sablyaçımız mükafatlar uğrunda yarışa 1/16 finaldan start verib. Baştanın ilk rəqibi Çin idmançısı Yanq Henqyu olub. Sablyaçımız 15:9 hesabı ilə qalib gəlib. O, 1/8 finalda Olimpiadaların dördqat mükafatçısı Olqa Xarlanla (Ukrayna) bacarmayıb. İdmançımız görüşdə 6:15 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Bu gün qadınlardan ibarət 3x3 basketbol komandamız meydana çıxır. Azərbaycan millisi İspaniya ilə iyulun 30-u Bakı vaxtı ilə saat 19:00- da qarşılaşacaq.
Kamandan oxatma növündə isə Yaylagül Ramazanova bu gün 1/32 finalda Quxuan Anla (Çin) qarşılaşacaq. Qeyd edək ki, bundan əvvəl sıralama turuna 30-cu cütdə başlayan təmsilçimiz 39-cu yeri tutub. O, 720 mümkün xaldan 647 xal toplayıb. Onun rəqibi isə sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.