EN

"Gümüş medal qazanmaqla tarix yazdım"

"Döyüş istədiyim kimi alınmadı. Mənim günüm deyildi. Ona görə qızıl medal qazana bilmədim".

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes deyib.

 92 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı rəqibinin çox güclü olduğunu bildirib: "Döyüşdən əvvəl onu analiz etmiş, öz taktikamı qurmuşdum. Amma alınmadı. Rəqib döyüşə daha yaxşı köklənmişdi".

Boksçu yarımfinal və final döyüşləri arasındakı fasilənin onun çıxışına təsir etmədiyini söyləyib: "Bu, mənim üçün bəhanə ola bilməz. Çünki belə idmançı deyiləm. Düşünürəm ki, gümüş medal qazanmaqla tarix yazdım. Amma medalın əyarından razı deyiləm. Söz verirəm ki, növbəti olimpiadada qızıl medal qazanacağam. Hamı qalib gəlmək istəyir. Amma hər şey Tanrının əlindədir. Bu gün qismətimdə gümüş medal var idi, onu da əldə etdim. Məğlubiyyətə baxmayaraq, bu gecə yatmazdan əvvəl Tanrıya dua edəcəyəm ki, məni medalsız qoymadı".

Mübarizəyə 1/8 finaldan başlayan Alfonso Dominqes ilk görüşündə kubalı Xulio Sezar la Krusa qalib gəlib. Ardınca qazaxıstanlı Aybek Oralbayı üstələyən Paris olimpiadasının bürünc mükafatçısı yarımfinalda İspaniya təmsilçisi Reyes Planı mübarizədən kənarlaşdırıb. Finalda özbəkistanlı Lazizbek Mullojonova uduzan boksçu gümüş medalla kifayətlənib.

Chosen
80
7
ucnoqta.az

10Sources