RU

"İndi media savadlılığından bəhs etmək çox önəmlidir" — Qulu Məhərrəmli

Bu gün mətbuatda media savadlılığının artırılması üçün bir sıra işlər görülür. Mövzu ilə bağlı əməkdar jurnalist, filologiya elmləri doktoru  Qulu Məhərrəmli Demokrat.az-a danışıb: 

"Bu gün media savadlılığı informasiya işi sahəsində əsas sahələrdən biridir. Bisavadlıq deyəndə insanların ağlına adətən yazmağı, oxumağı, tarixi, fizikanı, riyaziyyatı bilməmək və.s gəlir. Media savadlılığı dedikdə isə ilk növbədə KİV-də yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur. İnsanların bəlli bir səviyyəsi olmalıdır ki, mediada yayılan məlumatları dəyərləndirə bilsin. Media məlumatlarının qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir. Bu həm də sosial şəbəkələrdə davranış tərzini müəyyən edir".

O bildirib ki, fərdi məlumatlarla mediaya yayılan məlumatları ayırd edə bilmək üçün media savadlılığını dərinləşdirməyə ehtiyac var:

"İnformasiyanın ictimai arenaya çıxışının məsuliyyətini duymaq, necə yazmağın, necə ötürməyin lazım olduğunu bilmək media savadlılığının tərkib hissəsidir. 

Avropada, Türkiyədə media savadlılığı 10 ildir ki, orta məktəblərdə dərs kimi tədris olunur. İnsanların mətbuatda yayılan məlumatları dəqiq qiymətləndirə bilməsi üçün edilir bunlar. Bu gün Qərbdə çap olunan kitabların əksəriyyəti media savadlılığını əks etdirir. Mövzu ilə bağlı treyninqlər keçirilir, yazılar çap olunur. KİV-in özündə savadlılıq məsələsi ayrıca qoyulur. Medianın təsirini qiymətləndirmək, məqsədyönlü kütləvi kommunikasiya məlumatını araşdıra bilmək, böyük auditoriya üçün medianın nə olduğunu izah etmək çox vacibdir.
Bizdə də bunlarla bağlı artıq araşdırma işləri aparılır, dissertasiyalar yazılır".

Onun sözlərinə görə, indiki vaxtda bu məsələdən bəhs etmək çox önəmlidir:

"Media savadlılığının iki istiqamətindən danışmaq olar. Birincisi istehlakçının xəbəri yönləndirdiyi auditoriyanın medianı dəyərləndirməsidir. İkincisi KİV- də media savadlılığının tətbiqidir.Medianın özündəki media savadlılığı birbaşa peşə savadlılığı ilə bağlıdır. Jurnalistin xəbəri necə yazması, araşdırma yazısında mənbələrlə necə işləməsi, konfliktli məsələlərdə tərəflərin hamısının mövqeyinin verilməsi və.s media peşəkarlığı ilə bağlı olan məsələlərdir. Media nümayəndəsi tələb olunan peşəkarlıq standartlarını, etik qaydaları gözləməli, məsələnin hüquqi istiqamətini bilməlidir. Media savadlılığı bütün bunları özündə ehtiva edir":

Əfsanə Kamal
Demokrat.az
Избранный
54
30
demokrat.az

10Источники