Bakı, 28 iyun, AZƏRTAC
Hazırda bütün dünyada 250 milyon qız və oğlan təhsil almaq imkanından məhrumdur. UNESCO-nun “Fəaliyyətsizliyin qiyməti: Uşaqların və gənclərin təhsildən kənarda qalmasının qlobal özəl, maliyyə və sosial xərcləri” adlı hesabatında ilk dəfə olaraq təhsildəki boşluqların iqtisadi və sosial fəsadları təhlil edilir. Təşkilatın baş direktoru Odri Azulay üzv dövlətləri məktəbi tərk edən uşaqların sayını azaltmağa çağırıb. O deyib: “2030-cu ilədək hər il 10 trilyon dollar – bu, uşaqların məktəbi tərk etməsinin və təhsildən məhrum olmasının heyrətamiz qlobal dəyəridir. Maliyyə mülahizələrinə əlavə olaraq, bu mənfi tendensiyanın əhəmiyyətli sosial təsir də var. UNESCO-nun bu hesabatındakı mesaj aydındır: təhsil strateji sərmayədir - fərdlər, iqtisadiyyatlar və bütövlükdə cəmiyyət üçün ən yaxşı investisiyalardan biridir. Mən üzv dövlətləri bu ümumbəşəri hüququn hər bir insan üçün ən qısa zamanda reallığa çevrilməsini təmin etməyə çağırıram”.
AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, hesabatda 1948-ci ildə təhsilin ümumbəşəri insan hüququ elan edildiyi, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi kimi hamı üçün keyfiyyətli təhsilə çıxışının müəyyən olunduğu vurğulanıb. Bununla belə, təhsilə çıxış sahəsində onilliklər ərzində əldə edilən irəliləyişlərə baxmayaraq, dünyada 250 milyon uşaq və gənc hələ də məktəbdən kənardadır, habelə aşağı və orta gəlirli ölkələrdə 10 yaşlı uşaqların 70 faizi sadə yazılı mətni başa düşə bilmir.
Yeni hesabatda UNESCO bildirir ki, uşaqların məktəbdən kənarda qalması və təhsildəki boşluqlar 2030-cu ilə qədər ildə 10 trilyon dollar təşkil edəcəyi, bunun da Fransa və Yaponiyanın birgə illik ÜDM-sinə bərabər olduğu vurğulanır.
Bu maliyyə mülahizələrindən əlavə, hesabatda təhsildə olan nöqsanların vurduğu əhəmiyyətli sosial zərər barədə xəbərdarlıq edilir. Belə ki, əsas bilik və bacarıqların mənimsənilməsindəki boşluqlar bütün dünyada gənc qızlar arasında erkən hamiləliyin 69 faiz artması ilə əlaqələndirilir, eyni zamanda, orta təhsilin hər ili qızların 18 yaşına qədər ərə getməsi və uşaq sahibi olması riskini azaltmağa kömək etdiyi qeyd olunur.