Türkiyə Superliqasının ikinci turu çərçivəsində keçirilən “Göztəpə” – “Fənərbaxça” (2-2) matçında “Fənərbaxça” prezidenti Ali Koça hücum edən “Göztəpə”nin əməkdaşı Fatih Özkan üzr istəyib.
Sportinfo.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
“Futbolumuzun iki görkəmli klubunun qarşılaşması zamanı baş vermiş və gündəmi zəbt etməkdə davam edən bu iyrənc hadisəyə görə son dərəcə təəssüflənirəm.
Bütün ictimaiyyətdən, üzvü olduğum “Göztəpə” İdman Klubundan, klubumuzun fəxri prezidenti Mehmet Sepildən, “Fənərbaxça” İdman Klubunun prezidenti Ali Koçdan və bütün “Fənərbaxça” camiəsindən üzr istəyirəm”, - Özkan bildirib.
Oyunun ikinci hissəsində “Fənərbaxça”nın bir qrup azarkeşi tribunaya buraxılmayıb.
Fasilə zamanı Ali Koç qonaq azarkeşlərin onlar üçün ayrılmış tribunalara buraxılmaması səbəbindən meydançaya enib və dəstəyini göstərmək üçün həmin istiqamətə gedib.
Bu vaxt meydan sahibinin azarkeşləri Koça su butulkaları atıblar. “Göztəpə” klubunun işçisi olduğu deyilən Fatih Özkan isə meydançaya daxil olub və Ali Koçu itələyərək yerə yıxıb.