Azərbaycan millisi bu axşam yeni eraya qədəm qoyur.
Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni de Byazi kimi gəlmələrdən qurtulan yığmamız bu dəfə daha adlı-sanlı, prestijli mütəxəssisin əllərindədir.
Portuqaliya millisi ilə Avropa çempionluğunu bayram etmiş Fernando Santuş azərbaycanlı futbolçuları və futbolsevərləri ağ günə çıxarmaq üçün qollarını çırmalayıb.
Rəqibin adının İsveç olması nisbi təhlükə olsa da, xeyrimizə işləyən məqamlar yox deyil.
Doğma meydan amili başlıca səbəbdir. Elə həmin İsveçi, elə həmin Respublika stadionunda ötən il 3 cavabsız qolla darmadağın edən Azərbaycan seçməsi olub.
Düzdür, keçən ilin noyabrındakı hədəflərlə bu günkü məqsədlər eyni deyil. Rəqib bu gün daha istəkli, daha aqressiv görünəcək.
Santuş amilini mütləq qeyd etməliyik. Adam zəngin təcrübəyə malikdir. Rəqibin oyununu təhlil etməkdən tutmuş sərəncamındakı futbolçuların hazırlıq səviyyəsinə bələd olmağa qədər, hər işdə böyük təcrübəsi var. Motivasiya vermək, futbolçuları oyuna kökləmək portəgiz çalışdırıcı üçün su içmək qədər asandır.
Və ən vacibi, futbolçuların böyük əksəriyyətinin hazırlıq səviyyəsinin qaydasında olması. “Qarabağ”, “Zirə” və “Sabah”ın üzvlərinin avrokubok və çempionat matçlarında istər psixoloji, istər fiziki, istərsə də taktiki baxımdan işləri qaydasında gedib.
Hazırda mühərriki saz vəziyyətdə olan avtomobili xatırladırlar. Necə deyərlər, otur, sür.
Xalqı qələbəylə sevindirib mübarizəyə 3 xalla başlamaq üçün əlimizə əla fürsət düşüb. Şansdan maksimum yararlanmaq üçün əla məqamdır.
HƏBİB