AZ

ATƏT DTHİB-in qərəzi

Seçki başa çatmamış "hesabat" hazırlandı...

Qərbin bəzi təşkilatları artıq ikili standartlar kateqoriyasını belə aşaraq qərəzə və şər-böhtana əl atmaqdadır. Azərbaycandakı demokratik prosesləri görmək istəməyən, özlərinin siyasi ambisiyalarını önə çıxararaq regionun inkişafına verilən töhfələri qeydə almayan, bunun əksinə, birtərəfli, qəsd xarakterli münasibət sərgilənməsi ATƏT-in növbəti dəfə öz simasını ortaya qoymasıdır. Söhbət ondan gedir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki hesabatı artıq hazırdır – qurum özünün qeyri-ciddi obrazını bu addımı ilə növbəti dəfə isbat etmiş oldu. KİV-lərin özəl mənbələrdən əldə etdiyi sənədin artıq tam olaraq yayıma hazır və təsdiqlənmiş formada olduğu görünür. Sənəddə qeyd olunur ki, seçkilərin hüquqi bazası demokratik seçkilər üçün əlverişli deyil, Konstitusiya və digər qanunların icazə verdiyi sərbəst toplaşmaq və ifadə azadlığı məhdudlaşdırılıb, beynəlxalq standartlara və ATƏT-in öhdəliklərinə uyğun gəlmir. Maraqlıdır ki, seçkinin nəticələri ortaya çıxmamış ATƏT DTİHB bu qənaəti necə formalaşdırıb? Axı, bütün namizədlərə bərabər təşviqat üçün şərait yaradılıb. Qeydiyyatdan keçmiş 26 siyasi partiyanın 25-nin seçki prosesində aktiv iştirakı niyə ATƏT üçün göstərici sayılmır? Və ya seçkilərin hüquqi bazası ən yüksək səviyyədə hazırlanıb – bu, bütün parametrlər üzrə ortada deyilmi? İfadə azadlığı harada və hansı formada "məhdudlaşdırılıb" ki, onu ATƏT DTHİB-dən başqa heç bir qurum görmür. 

"Hesabat"da deyilir ki, MSK daxil olan şikayətlərin əksəriyyətinə mahiyyəti üzrə baxıb, lakin dəvət olunmuş tərəflərin arqumentləri heç vaxt nəzərə alınmayıb. MSK əvvəlcədən hazırlanmış qərarlar qəbul edərək şikayətçiləri qanunla, ATƏT-in öhdəliklərindən və beynəlxalq təcrübədə nəzərdə tutulmuş prosedur təminatlarından məhrum edib. 

Bu da ağ yalan və öncədən planlaşdırılan qərəzin ən çirkin formasıdır. Azərbaycan dövlətinin seçki ilə bağlı qanunvericilik aktları, Konstitusiyası, Seçki Məcəlləsi demokratik, şəffaf və azad seçkilər reallaşddırmağa hüquqi əsas yaradır -  dövlətimiz məhz bu hüquqi aktların əsasında azad və demokratik seçkilər keçirir. ATƏT DTHİB isə ənənəısinə uyğun olaraq bu müsbət parametrləri görmür...

İddia olunur ki, MSK və məhkəmə qərarları tam əsaslandırılmayıb, MSK qərarlarında əlavə hüquqi müdafiə vasitələrinin mövcudluğu göstərilməyib. Apellyasiya məhkəmələrinə və Ali Məhkəməyə verilmiş bütün şikayətlər rədd edilib. Bu da yalandır – bütün hüquqi prosedurlar tamç qanuna söykənib. 

Bəli, bütün proseslər qanuna əsaslanır – Azərbaycan demokratik seçki ənənələrinə söykənərək mühüm bir tarixi-siyasi mərhələ yaradır. İlk dəfə olaraq Azərbaycanın bütün regionlarında parlament seçkiləri baş tutub – ATƏT DTHİB bu kimi tarixi bir məqamı vurğulamır. Niyə bildirmir ki, Azərbaycan dövləti 30 ilə yaxın davam etmiş və işğala əsaslanan haqsızlığı sona çatdırıb? Niyə qeyd olunmur ki, bütün regionlarda Azərbaycan seçicisinin rahat səs verməsi üçün şərait yaradılıb. ATƏT DTHİB-in müsbət rəy verdiyi "ölkələrdən" fərqli olaraq Azərbaycanda seçki məntəqələrində onlayn müşahidə təmin edilib – bu kimi məqamlar nəyə görəsə "hesabatda" yer almır...

ATƏT DTHİB-in "istəyinin", "arzusunun" və ən əsası "məramının" nə olması "hesabatın" bu yerində üzə çıxır – bildirilib ki, siyasi aktorların, hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının, akademiklərin və jurnalistlərin həbs və həbsləri seçkiqabağı dövrdə də davam edib. Beləliklə, bu yalanlarla da ATƏT DTHİB növbəti dəfə özünün siyasi marağa əsaslanan "hesabatı"nın qərəzə söykəndiyini etiraf etmiş olur. Bir məqama da diqqət yetirək ki, bir neçə gün öncə mediada ATƏT-in Azərbaycandakı növbədənkənar parlament seçkiləri ilə bağlı hesabatının artıq hazır olması barədə məlumat yayılmışdı. Bu isə onu deməyə əsas verir ki, adıçəkilən qurum heç də adında yer alan məram və məqsədlərə deyil, qəsdə, qərəzə və korporativ marağa söykənərək çıxış edir. 


P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
11
yeniazerbaycan.com

10Mənbələr