AZ

Salahın sözləri İngiltərəni qarışdırdı - onun gedişi “Liverpul” üçün əvəzolunmaz itki olardı...

Yəqin ki, Məhəmməd Salah son illər İngiltərə premyer-liqasında yetərincə dəyərləndirməyən nadir futbolçulardan biridi.

Hamının onu qəbul etməsi üçün bir neçə böyük titul lazımdı. Ancaq oyununa və “Liverpul” üçün önəminə görə misirli mütləq əfsanədi. Və hələ də dünyanın ən yaxşı futbolçularından biridi.

"Football-plus.az" xəbər verir ki, Mo 2024/25 mövsümünə uğurlu başlayıb – artıq hesabına 3 qol və 3 məhsuldar ötürmə yazıb. Özü də “İpsviç” kimi autsayderlə yox, prinsipial rəqib – “Mançester Yunayted” ilə oyunda özünü parlaq göstərib. “Qol+ötürmə” sistemi ilə 1+2 toplayan futbolçu rəqibin müdafiəsini darmadağın edib. Səviyyə!

Oyundan sonra bir neçə dəqiqəliyə “Sky Sports”un studiyasına qaçan Salah bildirib ki, bu, onun üçün klubdakı sonuncu mövsümdü. Bu xəbər dərhal bütün futbol kanallarında yayıldı – “Liverpul” fanatları şoka düşdülər, qalan klubların azarkeşləri isə nəfəsini içinə çəkib gözləməyə başladılar. Gerçəkdən misirli ulduz çantalarını toplamağa başlayıb?

Salah “Liverpul” tarixinin ən yaxşı futbolçularından biridi
Hər böyük klubda əfsanə sayılan, ən uğurlu illərin adı ilə bağlandığı bur neçə futbolçu olur. Salah artıq belə futbolçulardan biridi, axı məhz onun transferi “Liverpul”u top səviyyəyə qaldırdı.

“Vurulmuş pilot” - 2017-сi ildə “Roma”dan “Liverpul”a keçəndə onun haqqında belə deyirdilər. Bir il sonra skeptiklər ona “birmövsümlük oyunçu” damğasını vurdular. Amma sonra hər kəs səviyyəsini etiraf etməli oldu. Misirli ulduz premyer-liqadakı ilk mövsümündə 38 oyunda 32 qol vurmaqla bombardir adını qazandı.

Futbolçunun dahiliyini sübut etmək çox asandı – məsələn, Salah artıq “Liverpul” tarixinin bombardirləri siyahısında ilk “3-lük”dədi. Misirli “qırmızılar” üçün 214 qol vurub. Yalnız Rocer Hant (262) ilə İan Raş (339) ondan irəlidədi. Salahın onları arxada qoymaq üçün sadəcə, vaxtı çatmayacaq, ancaq ehtiyatda 5 ili də olsaydı, heç şübhəsiz, liderlik uğrunda mübarizə aparardı.

Sırf premyer-liqa dönəmini götürsək, Salah, ümumiyyətlə, “Liverpul”da qol sayına görə birincidi. Misirli İngiltərə çempionatında 158 qol vurub, sonrakı pillədə qərarlaşan Robbi Fauleri 30 top qabaqlayır. 100-ü arxada qoyan daha iki futbolçu (Stiven Cerrard, Maykl Ouen) var. “Liverpul”dan başqa heç kim nəinki 150, heç 100 qola çatmayıb.

Əlbəttə, Salah təkcə “Liverpul”un başqa oyunçularıyla müqayisədə ən yaxşı deyil – o, premyer-liqa tarixinin ən möhtəşəm futbolçularından biridi. Məsələn, ötən yaz ardıcıl üç mövsümdə “qol+ötürmə” sistemi üzrə minimum 10+10 xal toplayan yeganə futbolçu oldu.

Premyer-liqanın bombardirləri siyahısında artıq ilk “10-luq”dadı – hesabında 160 top (ikisini də “Çelsi”də vurub) var. Hazırda çıxışını davam etdirən futbolçulardan onu Ceymi Vardi (137 qol), Rahim Sterlinq (123) və Son Hın Min (122) izləyir. Salah elə bu mövsüm ən azı 8-ci pilləyə yüksələcək. Ondan yuxarı pillələrdə qərarlaşanlardan Cermeyn Defo 162, Robbi Fauler 163 qol vurub.

Məhəmməd həmçinin üç dəfə çempionatın bombardiri olub (iki dəfə bu mükafata başqası şərik olsa da). Bir sözlə, misirlinin qəhrəmanlıqlarını inkar etmək futboldan baş çıxarmamaq deməkdi. Salah Klopp dönəminin əsas futbolçusu, “Liverpul”un son illərdəki uğurlarının təməl daşıdı.
Bu mövsüm sonuncudu?

Salahın “son mövsüm” ilə bağlı fikirləri virus kimi yayıldı, premyer-liqanın rəsmi yayınçısı “Sky Sports” bunu sosial şəbəkələrdə də yaydı. Ancaq misirlinin dedikləri konkret belə səslənir:

“Yayı yaxşı keçirdim. Özüm ilə tək qalmaq, müsbət düşünmək üçün vaxtım çox oldu. Ona görə ki, bildiyiniz kimi, bu, klubdakı son ilimdi. Mən bu ildən ləzzət almaq istəyirəm, daha bu haqda düşünmək istəmirəm. Meydanda özümü azad hiss edirəm. Baxaq görək gələn il necə olur”.

Mo sözlərinə onu da əlavə edib ki, klub rəhbərliyi hələ yeni müqavilə ilə bağlı danışıqlara başlamayıb, bu üzdən indi məmnunluq duymağa, sonra olacaq hadisələrlə bağlı düşünməməyə çalışır.

Çox güman, “sonuncu il” ilə bağlı deyilənlər məhz Salahın qüvvədə olan müqaviləsinə aiddi. Futbolçunun həqiqətən də bir mövsümünün qaldığı heç kimə sirr deyil – onun “qırmızılar”la müqaviləsinin müddəti 2025-ci ilin yayında bitəcək. Onu da unutmayaq ki, Salah ingilislərin təbirincə desək, “native speaker” deyil, yəni hələ də bu dili mükəmməlləşdirməyə ehtiyac duyur. Mo artıq uzun müddətdə İngiltərədə olsa da, ingilis dilində aşkar ləhcə ilə danışır, zaman-zaman fikirlərini ingilislərdən fərqli ifadə edir. Belə görünür ki, bütün dünyanın diqqətini çəkən “sonuncu il” ilə bağlı sözlər də məhz dil biliyinin nəticəsidi.

Bununla belə, Salaha hələ də müqavilə müddətini uzatmağın təklif olunmaması həm fanatlar, həm də klubun özü üçün həyəcan zəngidi. Futbolçu yuxarıda yer verdiyimiz açıqlama ilə diqqəti bu problemə yönəldir, bir növ rəhbərliyə təzyiq göstərir. Doğrudan da, hər kəsi razı sala biləcək qərar axtarışına başlamaq lazımdı. Və bu qərar, əlbəttə, müqavilə müddətinin uzadılması olardı.

Salahı itirmək “Liverpul” üçün Messinin “Barselona”dan gedişinə bərabər olardı. Məhəmməd bu klubun əsas aktivi və heyətindəki ən yaxşı futboçudu. Kluba yaxın olan jurnalistlər artıq vəziyyəti aydınlaşdırmağa başlayıb. Məsələn, Melissa Redi yazır ki, Salah qalmaq istəyərdi – misirli inanır ki, hələ bir neçə ili də yüksək səviyyədə keçirə bilər. Klubun hələ də futbolçu ilə danışıqlara başlamaması üzərində dayanan həmkarımız bu sualı da verir: “Liverpul” niyə bu qədər uzun müddət gözləyir?”

Fabritsio Romano da bu mövzuya toxunub. Planetin ən böyük futbol insayderi yazır ki, “Liverpul”un fikri, sadəcə, “transfer pəncərəsi”nə yönəlmişdi (hərçənd “qırmızılar” yalnız iki yeni futbolçu alıb), yeni müqavilə ilə bağlı danışıqlar ən yaxın vaxtlarda başlayacaq. Onun fikrincə, misirli ulduzun rəhbərliklə söhbətini gözləmək lazımdı – məhz ona hər şey aydın olacaq.
Qalacaq, yoxsa gedəcək?

“Liverpul” premyer-liqada pulunu ən ağıllı şəkildə xərcləyən klubların başında gəlir. Bu məsələdə yalnız “Brayton” “qırmızılar”la yarışa bilər. Mersisaydlılar maliyyə məsələsində diqqətlidi, xərcləmək xatirinə pul xərcləmir: hər müqavilənin arxasında minlərlə skaut hesabatı, cildlərlə statistika dayanır. Belə yanaşma hazırda komandada olan futbolçulara da aiddi. Salahın “Liverpul”dakı taleyi ilə bağlı ciddi-ciddi düşünməyə dəyər. Futbolçunun artıq 32 yaşı var. Karyerasının son dönəminə qədəm qoymaq üzrə olan belə yaşlı (futbol ölçüləri ilə yanaşanda) oyunçuya uzunmüddətli müqavilə təklif etməyə dəyərmi? Özü də maaşını ciddi şəkildə azaltmadan. Çox güman, klubun bu suala cavabı “xeyr” olacaq.

Hadisələrin axarını Səudiyyə Ərəbistanında da diqqətlə izləyirlər. Bir müddət əvvəl “Əl-İttihad”ın misirlini ələ keçirmək üçün 150-200 milyon avro xərcləməyə hazır olmasıyla bağlı xəbərlər yayılmışdı ki, bu da təəccüb doğurmamalıdı. Salah ərəb futbolunun üzüdü, onun mümkün keçidi, heş şübhəsiz, Səudiyyə Ərəbistanı çempionatının nüfuzunu qaldırar, yeni auditoriya cəlb edərdi.

“Liverpul” misirli ulduzla vidalaşmağa qərar versə, onu mütləq Yaxın Şərqə çağıracaqlar. Orda pul hələ qurtarmayıb, futbol batmayıb, liqanın əsas ulduzu Kriştiano Ronaldoya əvəzedici axtarmağın tam zamanıdı. Salah ondan gəncdi və 2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatı baxımından əla reklam olardı.

Bununla belə, Salah qətiyyən karyerasının zirvəsində getməyə hazır olan oyunçu deyil. Futbolçu artıq onlarla rekord müəyyənləşdirib, daha bir neçə zirvəni fəth etməyə hazır olduğuna əmindi. Onda Səudiyyə Ərəbistanı heç də yaxşı variant deyil. Elit səviyyəli vinger üçün Avropanın başqa top-klublarının da mübarizə aparacağı aydındı. Bax, onda “Liverpul” futbolçu ilə pulsuz vidalaşdığına görə peşmanlıq yaşaya bilər.

ORXAN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
13
football-plus.az

10Mənbələr