AZ

Quterreş BMT Günü münasibətilə beynəlxalq ictimaiyyətə müraciət edib

BMT-nin Baş katibi Antonio Quterreş hər il oktyabrın 24-də qeyd edilən Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə beynəlxalq ictimaiyyətə müraciət edib.

Müraciətdə deyilir: “Birləşmiş Millətlər Təşkilatı dünya tərəfindən dünyada sülh naminə qurulub. BMT 1945-ci ildən bu yana ölkələrin qlobal problemlərin həlli üzrə istinad məkanı olub. Gərginliyi azaldan, körpülər quran və sülhü təmin edən səylər göstərilib. Yoxsulluğu aradan qaldırmaq, davamlı inkişafa təkan vermək və ən həssas təbəqələri müdafiə etmək üçün həll yolları axtarılıb. Münaqişələr, zorakılıqlar, iqtisadi çətinliklər və iqlim fəlakətləri ilə yaşayan insanlara humanitar yardımlar edən layihələr həyata keçirilib. Qadınlar və qızlar üçün ədalət və bərabərliyi təşviq edən proqramlar hazırlanıb. Hazırda yeni problemlərin – iqlim dəyişikliyi, rəqəmsal texnologiya, süni intellekt və kosmosda əməkdaşlıq məsələlərinin müzakirələri aparılır.

Baş katib xatırladıb ki, sentyabrda keçirilən Baş Assambleya “Gələcək Paktı”, “Qlobal rəqəmsal saziş” və gələcək nəsillər haqqında Bəyannamə qəbul edib. O əlavə edib: “Bu mühüm sənədlər Birləşmiş Millətlər Təşkilatı sisteminin uyğunlaşmasına, təşkilatda aparılacaq islahatlara kömək edəcək, beləliklə, bütün üzv ölkələr üçün yeni əməkdaşlıq üfüqləri açılacaq. Amma bizim fəaliyyətimiz həmişə BMT Nizamnaməsinin və beynəlxalq hüququn əbədi dəyər və prinsiplərinə, hər bir insanın ləyaqətinə hörmətə və insan hüquqlarına əsaslanacaq”. Baş katib təəssüflə etiraf edib ki, bugünkü narahat dünyada işıqlı gələcəyə ümidlər də azalır.

Müraciətin sonunda vurğulanır: “Ümid sülh, ortaq rifah və inkişaf edən planet üçün qətiyyətli fəaliyyət və çoxtərəfli həllər tələb edir. Ümid bütün ölkələrin birlikdə fəaliyyət göstərməsini tələb edir. Ümid Birləşmiş Millətlər Təşkilatını tələb edir.

Birləşmiş Millətlər Təşkilatı Günündə mən bütün ölkələri dünya üçün bu çırağı sönməyə qoymamağa və BMT-nin ideallarını davam etdirməyə çağırıram”.

Birləşmiş Millətlər Təşkilatı Günü BMT Nizamnaməsinin 1945-ci il oktyabrın 24-də qüvvəyə minməsinin ildönümünü ilə əlaqədar qeyd edilir. Bu təsis sənədi onu imzalayan ölkələrin əksəriyyəti, o cümlədən Təhlükəsizlik Şurasının beş daimi üzvü tərəfindən ratifikasiya edildikdən sonra Birləşmiş Millətlər Təşkilatı rəsmi olaraq fəaliyyətə başlayıb(azərtac).

 

Seçilən
7
50
azpost.info

10Mənbələr