Dövlətimizin başçısının VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışının başlıca tezisləri
Prezident İlham Əliyev dünən Bakıda işə başlamış “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında Azərbaycan–Ermənistan münasibətləri və ölkələr arasında sülh prosesinə dair bir sıra məqamlara toxunub.
Dövlətimizin başçısı, ilk növbədə, ölkəmizin sülhü müharibə yolu ilə təmin etdiyini vurğulayıb. Nəzərə alaq ki, yaşadığımız Cənubi Qafqaz coğrafiyasında sülh regionun təhlükəsizliyi baxımından müstəsna əhəmiyyətə malikdir. Söhbət dünyanın iqtisadi nöqteyi-nəzərdən böyük maraq göstərdiyi regiondan gedirsə, deməli, mövcud məkanda əmin-amanlıq mühitinin qərarlaşması eyni zamanda qlobal təhlükəsizliyə mühüm töhfədir.
Deməli, Azərbaycan 44 günlük müharibədən qalib ayrılmaqla, həm də sülh naminə bəşəri missiya yerinə yetirib. Hesab edirik ki, mövcud ritorika dünyada nə qədər çox dərk edilsə, bir o qədər faydalıdır. Fayda Azərbaycanın yeri və rolunun vurğulanması prizmasından vacibdir. Çünki beynəlxalq təşkilatlar ölkəmizin ərazilərinin işğalına son qoyulması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyi halda, Ermənistan buna əhəmiyyət verməmişdi. Bu məqamı Prezident İlham Əliyev də diqqətə çatdırıb: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.
Azərbaycan Prezidentinin çıxışında üzərində dayandığı ikinci məqama keçid alaq. Dövlətimizin başçısı 44 günlük müharibədən sonra regionda yaranmış vəziyyətdən söz açıb və hazırda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin aktual əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Cənab Əliyev respublikamızın mövcud istiqamətdə fəal çalışdığını, vaxtilə Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb.
Lakin məlumdur ki, Prezidentin haqqında söz açdığı proses rəvan getmədi. Ermənistan sülhdən yayınaraq çeşidli manipulyasiyalara baş vurdu. Nəticə etibarilə Azərbaycana qarşı beynəlxalq miqyasda təzyiq cəhdləri qeydə alındı ki, cənab İlham Əliyevin bu kimi məsələləri gündəmə gətirməsi ölkəmizin beynəlxalq forumun sülh egidasına uyğun tərzdə əzmlə mübarizə apardığının da ali səviyyədə bildirilməsidir. Yəni, beynəlxalq aləm tam dərk etməlidir ki, Azərbaycan nəinki sülhü təmin edib, eyni zamanda, prosesin konfliktdə olduğu Ermənistan tərəfindən normal tərzdə qəbullanması üçün səylər göstərib.
Əlbəttə, yenə güc amilini kənara qoymaq olmaz. Buna görədir ki, Prezident Əliyev ötən ilin sentyabrında Azərbaycanın öz suverenliyinin tam bərpasına nail olduğunu xatırladır. Nəzərə alaq ki, ölkəmizin lokal xarakterli antiterror tədbirləri ilə ortaya qoyduğu qətiyyətli davranış xətti də Cənubi Qafqazda sülhə doğru müsbət tendensiyanı təmin edən başlıca faktordur.
***
Bəli, sülh prosesinin ayrı-ayrı fraqmentləri var. İndiki fazada bu, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasıdır. Dövlətimizin başçısı mövcud istiqamətdə işlərə başlanıldığını vurğulayır. Sülhün əldə olunması istiqamətində hazırkı ən böyük fraqmental xüsus isə tərəflərin vasitəçilərsiz, birbaşa təmaslara keçmələridir.
Yeri gəlmişkən, Azərbaycan birbaşa danışıqlar məntiqini çoxdan irəli sürüb. Lakin Ermənistan buna razılıq vermirdi. Ölkənin rəsmiləri müxtəlif tribunalardakı çıxışlarında bildirirdilər ki, Azərbaycan, guya, aqressiv dəst-xətt seçdiyindən, ikili təmaslar çərçivəsində əldə ediləcək hansısa razılaşma kövrək mahiyyət daşıyacaq və buna görə beynəlxalq vasitəçilərin prosesə qarışmaları lazımdır. Hətta bir vaxt Ermənistan baş naziri Nikol Paşinyan Bresseldə Prezident İlham Əliyevlə görüşə yalnız Fransa Prezidenti Emmanuel Makronla birgə qatılmaq kimi şərt də irəli sürmüşdü. Zaman göstərdi ki, bu sayaq şərtlərin heç bir mənası yoxdur. Ümumən, Azərbaycanla şərt dilində danışmaq mümkünsüzdür. Həm də ona görə mümkünsüzdür ki, sülh tərəfkeşliyə deyil, ədalətə əsaslanmalı, mütərəqqi ruhlu olmalıdır. Nə Fransa, nə də digər vasitəçiliyə iddialılar mövcud məqamı nəzərə almırdılar, Bakı-İrəvan nizamlanmasına özlərinin qlobal maraqları pəncərəsindən yanaşırdılar. Nəticədə vəziyyət gərginləşirdi. Hazırda cərəyan edən proseslər isə Azərbaycanla Ermənistan arasındakı gərginlik mühitinin tədricən aradan qalxmağa doğru getdiyini göstərir. Prezident İlham Əliyev də çıxışında məhz bunları qabardıb.
“Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər”, - deyən dövlətimizin başçısı onu da qətiyyətli şəkildə bildirib ki, Azərbaycan Cənubi Qafqazda destruktiv meyillərin baş qaldırmasına imkan verməyəcək. Həmçinin, otuzillik toqquşmadan sonra Ermənistan aydın şəkildə ölkəmizin Cənubi Qafqazda sülh istədiyini anlayır. Sülh isə Bakı ilə İrəvan arasında normallaşma vasitəsi ilə əldə oluna bilər.
***
Məlumdur ki, Fransa başda olmaqla, kollektiv Qərb Cənubi Qafqazda özünün imperialist maraqlarını gerçəkləşdirmək istəyən tərəfdir. Rəsmi Parisin bu mövqeyi regional sülhə təhdiddir. Bir daha bildirək ki, Cənubi Qafqazda sülhün olmaması, bütövlükdə dünya üçün də mənfi presedent yaradır. Məhz bu səbəbdən Azərbaycan Prezidenti açılış nitqində Fransanın destruktiv fəaliyyətinə diqqət yetirərək bildirib: “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”.
Bəli, dövlətimizin başçısının vurğuladığı kimi, dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Çünki bu, məcburi assimilyasiyaya aparır. Hazırda assimlyasiya Fransanın 10-dan artıq dənizaşırı ərazisində də baş verir və belə mənfi tendensiyaya son qoyulmalıdır.
Ə.RÜSTƏMOVXQ