Gecə saatlarında Rusiyanın Belqorod vilayətinə dron hücumu həyata keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, vilayətin qubernatoru Vyaçeslav Qladkov Belqorod şəhəri və Belqorod vilayəti üzərində bir neçə hava hədəfinin vurulduğunu, dörd mülki şəxsin öldüyünü, 20 nəfərin yaralandığını, 160 mənzil, 60 fərdi ev və 140-a yaxın avtomobilə ziyan dəydiyini açıqlayıb.
Gecə Volqoqrad vilayətində Kalaça-Don şəhərindəki neft bazasında güclü yanğın başlayıb, Frolovo şəhərində də elektrik yarımstansiyası yanıb. Bu obyektlərə “PUA-nın dağıntılarının düşməsi” xəbərini qubernator Andrey Boçarov təsdiqləyib. Neft bazasında baş verən yanğının söndürülməsi üçün tədbirlər davam edir.
Həştərxan qubernatoru İqor Babuşkin bu gün səhər bölgənin şimalındakı hədəflərə pilotsuz təyyarələrlə kütləvi hücum cəhdinin qarşısının alındığını bildirib.
Rostov qubernatoru Vasili Qolubev də gecə saat iki radələrində başlayan kütləvi hücum zamanı Rodionovo-Nesvetayski rayonunda elektrik yarımstansiyasında iki transformatorın, Rostov-Donda isə dağıntıların düşdüyü yerdə quru ot örtüyünün yandığını təsdiqləyib.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bir neçə təyyarə tipli dronun məhv edildiyini açıqlayıb, dağıntı və tələfatın olmadığını bildirib.
Kursk vilayətinin başçısı vəzifəsini icra edən Aleksey Smirnov da hücum edən 4 PUA-nın vurulduğunu yazıb.