Məndə olan məlumata görə, stadionda azərbaycanlı azarkeşlər olmayacaq.
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Zirə”nin mətbuat katibi Elmar Abdullazadə Konfrans Liqasının pley-off mərhələsində səfərdə Kipr təmsilçisi “Omoniya”ya qarşı keçirəcəkləri matçla bağlı deyib.
O, bu gün Larnaka şəhərindəki GSP stadionunda gerçəkləşəcək oyunda azərbaycanlı azarkeşlərin yer alıb-almayacağı ilə bağlı sualı cavablandırıb:
“Düzdür, UEFA-nın qaydalarına görə tribunların tutumunun 5 faizi qonaq azarkeşlər üçün ayrılıb. Amma həmin yerlər boş qalacaq.
Çünki bizə biletlə bağlı müraciət edən olmayıb. Kiprdə, demək olar ki, azərbaycanlı yaşamır.
Bura ada ölkəsidir deyə, giriş-çıxış, viza almaq bir qədər çətindir. Ona görə də çox güman, stadionda bizim azarkeşlər görünməyəcək”.
“Zirə”nin Kipr klubu ilə görüşünün start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. Tərəflər arasında cavab oyunu bir həftə sonra “Liv Bona Dea Arena”da keçiriləcək.