RU

“Liverpul”la MS itkisiz irəliləyir - TURUN ŞƏRHİ

Premyer-liqada 3-cü tur çox parlaq və məhsuldar alındı.

"Football-plus.az" xəbər verir ki, turun mərkəzi oyununda “Liverpul” “Mançester Yunayted”i darmadağın etdi.

“Qırmızılar”la yanaşı, “Mançester Siti” də itkisiz irəliləyir. Qvardiolanın komandası səfərdə “Vest Hem” üzərində inamlı qələbə qazandı. “Brayton”la heç-heçəyə razılaşan “Arsenal” mövsümdə ilk dəfə xal itirdi. “Tottenhem” isə mövsümdə ilk məğlubiyyəti “Nyukasl”dan aldı.

Çempion MS-nin London səfəri uğurlu alındı. Artıq 6-cı dəqiqədə ilk qol vəziyyətini boşa verən Holann 4 dəqiqə sonra təkbətəkdən yararlandı. Düzdü, meydan sahibləri tezliklə hesabı bərabərləşdirə bildirdi. Daha dəqiqi, Bouenin asması zamanı Diaş “qapıların yerini səhv saldı”. Bu olay Qvardiolanın komandasını qıcıqlandırdı. 30-cu dəqiqədə qonaqlar növbəti dəfə irəli çıxdı. Lüisin ötürməsindən sonra Holann fərqləndi. 2-ci hissənin əvvəlində Kudusun zərbəsi zamanı dirək Edersonun köməyinə çatdı. “Çəkicdöyənlər” bərabərlik qolunu vurmağa can atsa da, sona 7 dəqiqə qalmış ardıcıl 2-ci oyunda het-trik edən Holann qalibin kimliyinə aydınlıq gətirdi.

“Liverpul” da xal itirmir. Slotun çalışdırdığı komanda turun mərkəzi oyununda heç bir ciddi çətinlik yaşamadı. Artıq 7-ci dəqiqədə mersisaydlılar MY-nin qapısına yol tapdı, ancaq VAR-ın müdaxiləsi ilə Aleksander-Arnoldun qolu qeydə alınmadı. Hər halda, qonaqlar fasiləyə qədər qaydalar çərçivəsində iki qol vurdu. Hər iki halda Salahın ötürməsindən sonra Dias fərqləndi. Maraqlıdı ki, bu qollarda kobud səhvə yol verən dayaq yarımmüdafiəçisi Kazamironu Ten Haq fasilədə əvəzlədi. 2-ci hissənin əvvəlində MY bir qədər fəallaşsa da, Salah 56-cı dəqiqədə intriqanı tam öldürdü. Mankunianlar təsəlli qolu vura bilərdi. Sadəcə, Zirkzee iki gözəl imkanı qaçırdı.

“Arsenal” evdə “Brayton”la heç-heçə etdi. Hərçənd hər şey “topçular” üçün yaxşı başlamışdı. Onlar fasiləyə yaxın hesabı aça bildi. Haverts Sakanın ötürməsindən sonra topu qapıçının başı üzərindən atdı. Amma 49-cu dəqiqədə vitse-çempion gözlənilmədən azlıqda qaldı. Rays Veltmanın standart vəziyyəti dərhal yerinə yetirməsinə imkan vermədiyinə görə sarı vərəqə aldı kı, belədə 2-ci “sarı” avtomatik “qırmızı”ya çevrildi. “Qağayılar” belə hədiyyədən 58-ci dəqiqədə yararlandı: Joao Pedro fərqləndi. Azlıqda qalan “topçular” rəqibdən daha yaxşı oynasalar da, qələbə topunu vurmaq mümkün olmadı.
“Stemford Bric”də keçirilən London derbisi də “sülh”lə bitdi. “Çelsi” “Kristal Pelas”la oyunun ilk yarısında üstün təsir bağışladı. Palmerlə Madueke bir neçə imkanı qaçırandan sonra Cekson 25-ci dəqiqədə hesabı açdı. “Çelsi” 2-ci hissədə təşəbbüsü əldən verdi və bunun da məntiqi nəticəsi kimi Eze 54-cü dəqiqədə “status-kvo”nu bərpa etdi. “Kristal Pelas” bu heç-heçə sayəsində mövsümdəki ilk xalını qazandı.

“Nyukasl”la səfər oyunu “Tottenhem” üçün uğursuz bitdi. 37-ci dəqiqədə Barns “sağsağanlar”ı irəli çıxardı. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi 56-cı dəqiqədə hesabı bərabərləşdirə bildi. Ancaq “Nyukasl” sonra yaxın əks-hücumda qələbə topunu vurdu.

“Bornmut” elə möhtəşəm geridönüşə imza atdı ki, bunu sözlə anlatmaq çətindi. “Bornmut”u qəbul edən “Everton” fasilədən az sonra iki qol vurdu. Hər kəsə elə gəlirdi ki, Liverpul klubu mövsümdə ilk qələbəsini qazanacaq. Ancaq qonaqlar son dəqiqələrdə inanılmaz qəhrəmanlıq etdi. 87-ci dəqiqədə Semenyo qollardan birinin əvəzini çıxdı. 2-ci uzatma dəqiqəsində Kuk tablodakı rəqəmləri eyniləşdirdi. Amma bu da son deyildi. 6-cı uzatma dəqiqəsində Sinisterra “Everton”un qapısından 3-cü topu keçirdi. Andoni İraolanın komandası qeyri-adi xarakter göstərdi.

“Lester”in qonağı olan “Aston Villa” meydandan qələbə ilə ayrıldı. Birmingemlilər hər hissədə bir qol vurdu, “tülkülər” isə yalnız Buonanottenin təsəlli qoluna sevindi. Əslində “Lester”dən təcrübəli Vardi də rəqib qapısına yol tapdı. Sadəcə, bir an əvvəl top hakimə dəydiyinə görə qol qeydə alınmadı.
“Brentford” cari mövsümdəki 2-ci qələbəsini də evdə qazandı. “Arılar” “Sauthempton”un öhdəsindən gələ bildu. Kamerunlu yarımmüdafiəçi Mbemonun dublunun ardından 69-cu dəqiqədə Vissa da adını tabloya yazdırdı. “Müqəddəslər” yalnız 5-ci uzatma dəqiqəsində fərqi azalda bildi. Amma “Sauthempton” hələ də xal qazanmayan iki komandadan biridi.

Mövsümə heç də pis başlamayan “Nottingem Forest” hesabat turunda “Vulverhempton”un müqavimətini qıra bilmədi. Komandalar ilk 12 dəqiqədə hərəyə bir qol vurandan sonra dayandı. Bu, “canavarlar”ın mövsümdəki ilk xalıdı. Elə “İpsviç” də ilk xalın sevincini yaşadı. Elitanın debütantı “Fulhem”lə oyunun 15-ci dəqiqəsində hesabı açsa da, “bağbanlar”ın bərabərlik qoluna mane ola bilmədi.

3-cü tur
Mançester Yunayted – Liverpul 0:3
Dias, 35; 42. Salah, 56. (73738)
MY: Onana, Mazraui, De Liqt (Maquayr, 69), Martines, Dalot, Kazemiro (Kollyer, 46), Maynu, Qarnaço (Dyallo, 69), Fernandeş, Reşford, Zirzee (Eriksen, 86).
Liverpul: Alisson, Aleksander-Arnold (Bredli, 76), Konate, Van Diyk, Robertson (Simikas, 83), Qravenberx, Makallister, Salah, Soboslai, Dias (Qakpo, 66), Jota (Nunyes, 76).
Vest Hem – Mançester Siti 1:3
Diaş, 19-öz qapısına – Holann, 10; 30; 84. (???)
MS: Ederson, Akanci, Diaş, Qvardiol (Uoker, 88), Lüis, Kovaçiç, Qriliş (Nunyeş, 72), B.Silva, De Bruyne (Ake, 88), Dokyu (Gündoğan, 68), Holann.
Arsenal – Brayton 1:1
Haverts, 38 – Pedro, 58. (60326)
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Timber (Zinçenko, 80), Edeqor (Martinelli, 73), Parti, Rays, Saka, Haverts, Trossar (Kalafyori, 59).
ÇelsiKristal Pelas 1:1
Cekson, 25Eze, 54. (39298)
Çelsi: Sançes, Hüsto (Mudrik, 73), Fofana, Koluill, Kukurelya, Kaysedo, Fernandes, Madueke (Nkunku, 86), Palmer, Neto (Tauriaynen, 58), Cekson.
NyukaslTottenhem 2:1
Barns, 37. İsak, 78 – Bern, 56-öz qapısına. (52211)
Tottenhem: Vikario, Porro, Romero, Drequşin, Udoci, Sarr (Conson, 46), Bissuma (Bentankur, 82), Meddison (Berqvall, 82), Kulusevski, Son Hın Min, Odober (Verner, 74).
Brentford – Sauthempton 3:1
Mbemo, 43; 65. Vissa, 69 – Suqavara, 90+5. (16955)
Everton – Bornmut 2:3
Kin, 50. Kalvert-Lüin, 57 – Semenyo, 87. Kuk, 90+2, Sinisterra, 90+6. (38805)
İpsviç – Fulhem 1:1
Delap, 15 – Traore, 32. (29517)
Lester – Aston Villa 1:2
Buonanotte, 73 – Onana, 28. Duran, 64. (31725)
Nottingem Forest – Vulverhempton 1:1
Vud, 10 – Belqard, 12. (29918)

1. Mançester S. 3 3 0 0 9-2 9
2. Liverpul 3 3 0 0 7-0 9
3. Brayton 3 2 1 0 6-2 7
4. Arsenal 3 2 1 0 5-1 7
5. Nyukasl 3 2 1 0 4-2 7
6. Brentford 3 2 0 1 5-4 6
7. Aston Villa 3 2 0 1 4-4 6
8. Bornmut 3 1 2 0 5-4 5
9. Nottingem F. 3 1 2 0 3-2 5
10. Tottenhem 3 1 1 1 6-3 4
11. Çelsi 3 1 1 1 7-5 4
12. Fulhem 3 1 1 1 3-3 4
13. Vest Hem 3 1 0 2 4-5 3
14. Mançester Y. 3 1 0 2 2-5 3
15. Lester 3 0 1 2 3-5 1
16. Kristal Pelas 3 0 1 2 2-5 1
17. İpsviç 3 0 1 2 2-7 1
18. Vulverhempton 3 0 1 2 3-9 1
19. Sauthempton 3 0 0 3 1-5 0
20. Everton 3 0 0 3 2-10 0


Bombardirlər: Holann (MS) – 7, Madueke (Çelsi), Dias, Salah (hər ikisi “Liverpul”), Mbemo (Brentford) – 3.
Növbəti turun oyunları sentyabrın 14-15-də keçiriləcək: Bornmut – Çelsi, Aston Villa – Everton, Brayton – İpsviç, Kristal Pelas – Lester, Fulhem – Vest Hem, Liverpul – Nottingem Forest, Mançester Siti – Brentford, Sauthempton – Mançester Yunayted, Tottenhem – Arsenal, Vulverhempton – Nyukasl.

Turun rəqəmi
2 – Holann premyer-liqa üçün 21-ci əsrin rekordunu müəyyənləşdirdi. 24 yaşlı hücumçu “İpsviç”lə oyunun ardından “Vest Hem” ilə səfər qarşılaşmasında da het-trik etdi. Holann İngiltərə çempionatı tarixinə 1994-cü ildən bəri ilk üç turda iki dəfə het-trik etməyi bacaran birinci oyunçu kimi düşdü. Sonuncu dəfə belə uğura “Bredford”un hücumçusu Pol Cuell 1994/95 mövsümündə nail olmuşdu.

Turun ulduzu
Erlinq Holann (MS) – norveçli hücumçu, deyəsən, yayda yaxşı dincəlib və indi formasının zirvə dönəmini yaşayır. Ardıcıl iki oyunda het-trik edən Holann artıq qol sayını 7-yə çatdırıb. Norveçli zədədən qaça bilsə, mövsümün sonunda statistika baxımından fantastik nəticə göstərməsi tam realdı.

Turun sitatı
Bruno Fernandeş, “Mançester Siti”nin yarımmüdafiəçisi:
“Oyuna çox yaxşı başladıq. “Fulhem”lə ilk turun oyununda olduğu kimi, yəni daha soyuqqanlı davranmalıydıq. Qol buraxmaq üçün kimsə səhvə yol verməlidi. İndi qolda səhvi olanları göstərməyin zamanı deyil. Bu axtarış bizə kömək etməyəcək. Kazemiro məndən təcrübəlidi. Mənim ona nəsə deməyim lazım deyil, özü futbolun nə olduğunu bilir. Keçmişə boylanmamalıyıq, sadəcə, hər şeyi fərqli etmək lazımdı”.


Faktlar
* “Bornmut” “Everton”la oyunda İngiltərə çempionatı tarixinin hesabda 0:2 geri düşən komandalar üçün ən gec geridönüşünü reallaşdırdı. 87-ci dəqiqəyə qədər 0:2 uduzan qonaqlar növbəti 9 dəqiqə ərzində üç qol vurdu. “Opta Sports”un apardığı statistikaya inansaq, bu, rəqibə iki top fərqi ilə uduzan komandanın ən gec əzmkar qələbəsidi.
* “Vest Hem”in qapısına üç qol vuran Holann İngiltərə çempionatında 8-ci dəfə het-trik etdi. Maykl Ouen, Harri Keyn və Tyerri Anri də 8 dəfə bir oyunda üç qol vurub. Bu göstəricidə rekordçu isə Serxio Aquerodu (12). Onu da vurğulayaq ki, norveçli hücumçu cəmi 69 oyunda 8 dəfə het-trik etməyi bacarıb. Halbuki bunun üçün Anriyə 258, Keynə 320, Ouenə 326 oyun keçirmək lazım gəlib.
* Ten Haq MY-nin “sükanı arxasında” keçirdiyi 118 oyunun 33-də uduzub. Məğlubiyyət faizi 28-ə bərabərdi. Bu isə MY-ni ən azı 100 oyuna çıxaran mütəxəssislər üçün ən pis ikinci göstəricidi. Yalnız 1977-ci ildə Tommi Dohertinin nəticəsi (28,5) bundan da pis olub.

Reaksiyalar
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:
“Holann qarşısıalınmazdı, onu heç bir mərkəz müdafiəçisi hətta tapança ilə də dayandıra bilməz. Erlinq bütün göstəricilər üzrə başqalarından xeyli fərqlənir. O, məşqlərdən sonra da 20-30 dəqiqə meydanda qalır. Ona komanda lazımdı və o da lazımdı ki, komanda yoldaşları meydanın rəqibə aid hissəsində ona daha çox top çatdırsınlar. Erlinq həmişə qollar vurur, görməli olduğu iş budu. Onun növbəti het-trikinə, bitiricilik keyfiyyətinə görə şadıq”.

Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi:
“Biz səhvlər buraxdıq, rəqib isə bitirici mərhələdə soyuqqanlı davrandı. Aydın məsələdi ki, “Liverpul” qələbəni haqq etdi. Biz bunu qəbul etməli və oyunumuz yaxşılaşdırmalıyıq. Bəzən risk edirdik. Bəzi yaxşı elementlər gördüm, ancaq 0:3-dən sonra bu haqda danışmaq istəmirəm. Hələ qarşıda çox oyun keçirəcəyimizi bilirəm. Elə mövsümün sonunda harda olacağımızı da. Titullar uğrunda mübarizə aparacağıq”.

Arne Slot, “Liverpul”un baş məşqçisi:
“Vurduğumuz qol sayılmayandan sonra da əvvəlki kimi oynamağa davam etməyimiz xoşuma gəldi. Enində-sonunda bir neçə yaxşı qol vurduq. İkinci hissədə bizə Alissonun da yardımı dəydi. Haqq etdiyimiz qələbəni qazandıq. Müdafiədən oynamaq planımız yox idi. Həmişə pressinq tətbiq etmək istəyirik”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
125
13
football-plus.az

10Источники