Bu gün keçirilmiş bir oyunla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə B qrupu çərçivəsində bir oyun baş tutub.
Turun qapanış matçında “Şəki” “Lənkəran”ı qəbul edib. Matçda ev sahibləri inamlı qələbəyə seviniblər. Bu qələbə meydan sahiblərini 2-ci pilləyə yüksəldib.
Xatırladaq ki, turun əvvəlki beş matçında “Quba” “Ordu”ya (101:75), “Sərhədçi” NTD-yə (84:79), “Abşeron” “Neftçi”yə (72:56), “Sabah” “Naxçıvan”a (75:74), “Sumqayıt” isə “Gəncə”yə (85:79) qalib gəlib.
Azərbaycan Basketbol Liqası
B qrupu, 5-ci tur
8 dekabr
“Şəki” – “Lənkəran” 89:64 (28:14, 21:14, 26:21, 15:16)
Şəki Olimpiya İdman Kompleksi.
Xallar: Gəncə – 9. Şəki – 8. Ordu – 8. Quba – 7. Lənkəran – 7. Sumqayıt – 6.
Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.