Amerika Birləşmiş Ştatları İran neftini daşıdığına görə 4 şirkətə qarşı sanksiya tətbiqi qərarı alıb.
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, “Brecalin Hong Kong Co Ltd”, “Shiny Sails Shipping Ltd”, “Galaxy Management Nv” və “Atlantic Navigation Opc Pvt” adlı şirkətlərə sanksiya tətbiq edilib. Bu şirkətlərə məxsus 6 gəmi isə bloklanmış mülk kimi təsnif edilib.
Açıqlamada qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyi "Yəməndəki Husilər xeyrinə qaçaqmalçılıq, silah qaçaqmalçılığı, çirkli pulların yuyulması və qanunsuz İran neftinin daşınmasını dəstəkləyən fəaliyyətləri" səbəbilə 12 şəxs və quruma da sanksiya tətbiq edəcək.
İranda yerləşən Kərəc Gezel Hisar Həbsxanasının ABŞ-ın Rəqiblərinə Qarşı Sanksiyalar Vasitəsilə Mübarizə Qanununun (CAATSA) 106-cı bölməsindəki kriteriyalara uyğun olduğu bildirilən açıqlamada bu həbsxanada İranda fikir azadlığı hüququndan istifadə etmək istəyən şəxslərə qarşı "insanlıqdan kənar, alçaldıcı rəftar və cəzalandırma" kimi ciddi insan hüquqları pozuntularının törədildiyi vurğulanıb.