EN

Hər insan azad doğulur… (mətin və audio)

 

  Hər bir insan azad və bərabər doğulur. 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Haqları Bəyannaməsinin ilk maddəsi də bu fikri təsdiq edir.

  İkinci Dünya Müharibəsindən sonra dünyanın bir daha belə bir fəlakət yaşamasının qarşısını almaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı yaradıldı. Qurumun hədəfi təhsildən səhiyyəyə, qidadan ekoloji problemlərə, xüsusilə də silahlanmaya qədər bütün məsələlərdə beynəlxalq və dövlətlərarası nəzarəti təmin etmək idi. 1948-ci il dekabrın 10-da Parisdə keçirilən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qəbul edilmiş Ümumdünya İnsan Haqqları Bəyannaməsində iştirakçı dövlətlərin bu mövzuda qanunvericiliyi öz əksini tapdı. Bəyannamə “Bütün insanlar azad, ləyaqət və hüquqları baxımından bərabər doğulur. Ağıl və vicdanları var və bir-birlərinə qardaşlıq anlayışı ilə davranmalıdırlar” cümlələrilə başlayır. Bu maddə bütün bəşəriyyət üçün fundamental prinsip hesab olunur və insan hüquqlarının universallığını vurğulayır. İnsan haqqları qanununun təməlini təşkil edən maddəyə görə, adamlar cinsi, irqi, dini, etnik mənsubiyyəti, dil və ya hər hansı digər fərqə görə heç bir şəkildə ayrı-seçkiliyə məruz qala bilməzlər.

  Hər bir fərdin özünəməxsus ləyaqətinin və dəyərinin tanınması insan hüquqlarının əsasını təşkil edir. Ləyaqətə hörmət azad və bərabər doğulma ideyasının əsasıdır. Hər bir insanın öz düşüncələri, inancları və həyat tərzini sərbəst seçmək hüququ vardır. Azadlıq - fərdin özünü ifadə etmək və həyatını öz seçimlərinə uyğun formalaşdırmasıdır. Bərabərlik hər kəsin eyni hüquq və imkanlara malik olması deməkdir. Bu, qanun qarşısında bərabərlik, təhsildə imkan bərabərliyi, iqtisadiyyatda ədalət kimi bir çox sahələrdə belədir. Belə müqəddəs ümumbəşəri prinsiplərin həyata keçirilməsində dünyada müxtəlif çətinliklər olsa da, 1960-cı illərə qədər ayrı-ayrı ölkələrdə gender və irqi ayrı-seçkiliyə əsaslanan qanunların qüvvədə olduğunu nəzərə alsaq, bəyannamə bəşəriyyətin çatdığı intellektual mərhələni göstərmək baxımından son dərəcə əhəmiyyətlidir.



Chosen
164
1
trt.net.tr

10Sources