Bakı, 29 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova avqustun 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Bushatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən bildirilib. Görüş zamanı qonaqlara növbədənkənar parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında təsbit edilmiş səlahiyyət və funksiyaları barədə məlumat verilib. Seçki Müşahidə Missiyasının nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Prezidentinin sorğusu əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı 21 iyun 2024-cü il tarixli müvafiq Qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair qəbul edilmiş Plenumun Qərarında əks edilmiş hüquqi mövqelər haqqında ətraflı məlumatlandırılıb.
Ditmir Bushati məlumata görə təşəkkürünü bildirərək Seçki Müşahidə Missiyasının fəaliyyəti və məqsədlərindən danışıb.
Sonda seçki prosesi ilə bağlı bəzi hüquqi məsələlər müzakirə olunub.
Görüşdə Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.