“Qarabağ” Futbol Akademiyasında yay seçimlərinin birinci mərhələsinə yekun vurulub.
Yeni istedadlar üçün axtarışa çıxan Ağdam təmsilçisinin Quzanlıda başlayan seleksiyası Bakıda başa çatıb.
Seçimlərə 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018-ci il təvvəllüdlülər qatılıb.
Proses təxminən 2500 nəfərə yaxın uşağı əhatə edib. Akademiyanın baş koordinatoru Aftandil Hacıyev bu haqda Sportinfo.az-a deyib:
“Seçimləri izləmək üçün gələn valideynlər az deyildi. Onlar da şəraitə görə anlayış göstərdilər.
Övladlarını daha rahat izləməyimizə mane olmurdular. Öncədən mühafizəçilər dəvət etmişdik.
Say çox olduğu üçün işləri ağır oldu. Onlara da təşəkkür edirəm.
İstənilən halda, düşünürəm ki, seçimlər pis alınmadı. 1500-ə yaxın uşağın hər birinə şans tanıdıq.
Bunun üçün böyük meydançanı 6 hissəyə ayırmışdıq. Seçimlərdən narazı qalan valideynlər oldumu? Yəqin ki, olacaq.
Təbii ki, hər kəs istəyər ki, övladı daha çox oynasın. Amma bugünkü şərait nəyə imkan verirdisə, onu etdik.
Bir meydançamız var. Gələcəkdə 2-3 meydançamız olarsa, belə seçimləri daha rahat keçirə bilərik”.